Başlıca olaraq qeyd etmək istərdik ki, GPS və NV-nin odometri məsafəni fərqli texnologiyaya əsasən hesablayır. GPS məsafəni peykdən gələn məlumatlara əsasən riyazi olaraq, NV-si isə bunu müxtəlif elektro-mexaniki çeviricilər vasitəsi ilə hesablayır. Belə ki, NV-sinin odometr sensoru məsafəni hesablayarkən təkərin fırlanma sayını və diametrini nəzərə alır. Diametrin ölçüsü isə havanın temperaturundan, təkərin daxili təzyiqindən, ümumiyyətlə başqa diametrli təkərin qoyulmasından asılı olaraq dəyişə bilər. Bundan əlavə sürətin kəskin artımı və azalması zamanı təkərin yerində boşuna dövr etməsi də NV-nin odometr sensorunun səhv göstərici verməsinə səbəb olur. Ümumiyyətlə odometr sensorlarının tipindən asılı olaraq onların xətası dəyişir (mexaniki 12-15%, elektro-mexaniki 5-7%, elektron 5%). GPS vasitəsi ilə təyin olunan məsafəyə isə bu faktorların heç biri təsir etmir. GPS-in maksimum xətası 1.5%-ə qədər ola bilər ki, buna da səbəb ərazinin relyefi və əks olunan siqnallardır.